Çağdaş Azərbaycan şeri haqqında açıqlama. R.Qaraca

Çağdaş Azərbaycan şeri haqqında açıqlama. R.Qaraca

(Şimali Kipr Türk Respublikasında keçirilən II Uluslararası şeir festivalında məruzə edilmişdir)?>?>

 

Azərbaycan çağdaş poeziyasının bu günkü mənzərəsini tək bir cümləylə ifadə ehtiyacı yaransaydı - “o, yuxudan oyanma dövrünü yaşayır” demək məncə ən doğru tanımlama olardı. Məcazi anlamda söylədiyim bu fikri bir az daha açıqlamağa çalışım. Yenə çox uzaqlardan bir misal gətirərək mövzuya girmək istəyirəm: hər birimizin əsərlərini sevərək oxuduğumuz Məhəmməd Fizuliylə eyni əsrlərdə yaşamış yapon şairi Matsuo Basyonun haykularını oxuyarkən o dövrün detaylarını gözlərimiz önündə canlandıra bilirik, bu şeirlərdə hər şey konkretdir; onları oxuyarkən yüzillərin pərdəsi gözlərimiz önündən yox olur, bir anda şairin yaşadığı zamanla təmas qura bilirik, bu şeirlərə tutunaraq o dövrün insanları, onların duyğu və düşüncələri haqqında net olaraq bilgi əldə edə bilirik. Basyonun şeirlərində hər şey açıq və birbaşadır, şeylər öz adıyla adlanıb, məcazlar burada əsas deyil, yalnız yardımçı vasitədir, şairin duyğuları gözəl sözlərin şərbətiylə ballandırılmayıb. Bu şeirləri oxuyaraq yüz illər öncə yaşamış insanların könül dünyasına dala bilirik, bəlkə dolayısıyla, özümüzün bəşəri saydığımız hisslərimizin tarixi təsdiqini tapırıq. Poeziya qeyri-adiliklərdəki gözəlliklər deyil, tam əksinə, sadəliklərdəki gözəlliklərdir. Müasir sənət anlayışında bu cəhət çoxdan öz təsdiqini tapıb. Lakin bunların əksinə olaraq, Fizuli də daxil olmaqla, bütün şərq ədəbiyyatının dumanlı bir pərdə içərisində olduğunu müşahidə etməkdəyiz. Yüz ilə yaxın bir dövr ərzində həyat gerçəklərinin realistik bir biçimdə təsvir olunması, dolayısıyla deyil, birbaşa ifadə təcrübəsi Azərbaycan şeirində özünü göstərməkdədir. Özəlliklə Nazim Hikmətin təsiriylə Azərbaycan şerində yeni bir xətt gəlişməyə başlamış, klassik şeirlə paralel bir şəkildə öz varlığını sürdürmüşdür. Sovetlər dönəmində bu axının ən güclü nümayəndəsi Əli Kərim olmuşdur. Fəqət, qapalı bir quruluş olduğu üçün Sovetlər Birliyi bünyəsində yenilikçi (aykırı) bir şair barına bilməzdi, bu şairimizə basqılar sonucunda 39 yaşında həyatdan köçmüşdür. Əli Kərimin ölümündən sonra Azərbaycan realistik şeirində tənəzzül başlayır, melanxolik şairlər önə çıxır, klassik şərq şeirindən və folklordan gələn axın üstünlük qazanır. 70-80-ci illərdə realistik şeiri basdıraraq ədəbiyyat ortamında təsir gücü qazanan melanxolik poetlər Ramiz Rövşən və Vaqif Bayatlıdır.Bu zamandan başlayaraq yenə qondarma şərq kədəri, mücərrəd eşq təzahürləri, ölüm və qara paltarlı qadın motivləri, allah və mələklər Azərbaycan şeirində pərvaz etməyə başlayır, yenə şairlərin ayağı yerdən qopur, göy üzü və ay işığı şeirin daimi komponentinə çevrilir. Maraqlıdır, rəsmi ədəbiyyat sözçüləri Azərbaycan şeirindəki melanxolik xətti dəstəkləmiş, bu illərdə təkrarən klassik qəzələ və aşıq folkloruna qayıdış başlamışdır. 90-cı illərdə melanxolik şeirin ən parlaq ismi (bu şairlər haqqında danışarkən “parlaq” sözü yerinə düşməsə də) Salam Sarvandır.Bu şair  məzarlıq və ruhlar aləmindən gətirdiyi vəhylərlə bir müddət məşhur olmuşdur.

Azərbaycan şeirinin yuxudan oyanma dövrü 2000-ci illərin əvvəllərinə təsadüf etməkdədir. Ölkənin bağımsızlıq qazandığı 1991-ci ildən keçən tam 10 il ərzində Azərbaycan ədəbiyyatı tamamən durğunluq yaşamış, bu illər ərzində Sovetlərdən qalma, ədəbiyyatın kontrol altında tutulması hadisəsi hələ də təsirini sürdürmüşdür. 2000-ci illərdən başlayaraq, azad mətbuatla bağlı bəzi rəsmi qərarnamələr nəticəsində bu təsir ortadan qalxmış, gənc yazarlar artıq bağımsız şəkildə öz qurumlarını və mətbuat orqanlarını yarada bilmişlər. Bu hadisə yazıçılıq işində canlanmaya səbəb olmuş, get-gedə ədəbiyyat və bu cümlədən şeir daha da aktuallıq qazanmışdır.

Yeni dövr ədəbiyyatını yaradanlar kimlərdir: Rafiq Tağı, Həmid Herisçi, Azad Yaşar, Nərmin Kamal, Seymur Baycan, Aqşin, Sevinc Pərvanə, Orxan Eyp, Şərif Ağ, Zahir Əzəmət,  və daha 20 ad. Bu yazarların əsərlərini oxuyarkən Azərbaycan ədəbiyyatının melanxoliyadan artıq tamamən qurtulduğunu söyləmək olar.

Azərbaycan şeirinin ən qısa icmalına dair mənim subyektiv görüşlərim bunlardır.  

 

Rasim Qaraca

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !